Təzəpir məscidi: dini-ruhani
ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri
kimi (davamı)
Təzəpir
məscidi bir tarixi qərarın da şahidi oldu. Sovet ordusu tərəfindən
gülləbaran edilən insanların cənazələrinin
1918-ci ilin mart qırğını şəhidlərinin dəfn
olunduğu yerdə torpağa tapşırılması qərara
alındı. Bu tarixi qərar Şeyxülislamın
iştirakı ilə Təzəpir məscidində
çıxarıldı. Qətlə yetirilənlərin
meyitlərinin çoxu Şeyxin iqamətgahının yerləşdiyi
Təzəpir məscidində yuyulurdu. Şeyx burada cənazə
namazı qılanların önündə durur, Qurani-Kərimdən
surələr oxuyur, adamlara Allahdan səbr diləyir, ürək-dirək
verirdi. Onu tez-tez Dağüstü parkda şəhidlərin məzarları
arasında dərin hüznlə dolaşan görmək olurdu.
20 Yanvar faciəsi ilə bağlı Moskvada, Azərbaycan SSR-in
daimi nümayəndəliyinin konfrans zalında İttifaq əhəmiyyətli
fərdi pensiyaçı Heydər Əlirza oğlu Əliyev
toplaşanlara müraciətlə deyirdi: “Mən baş
vermiş hadisələr haqqında dünən xəbər
tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim.
Buraya ən əvvəl ona görə gəlmişəm ki,
Azərbaycanın Moskvada kiçik parçası olan daimi
nümayəndəliyində böyük itkilərə səbəb
olmuş faciə ilə bağlı bütün Azərbaycan
xalqına başsağlığı verim. İkinci tərəfdən,bu
məsələyə öz münasibətimi bildirmək istəyirəm.
Azərbaycanın Moskvadakı daimi nümayəndəsi
Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi,
kədərimi, başsağlığımı Azərbaycan
xalqına çatdırsın...”
Qafqaz
Müsəlmanları Ruhani İdarəsinin sədri,
Şeyxülislam Hacı Allahşükür Paşazadə
SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçova, surətləri,
BMT-nin baş katibi Peres de Kuelyara, bütün dövlətlərin
və dinlərin başçılarına göndərdiyi məktubunda
yazırdı: “Nə qədər olsa da, mənim sözlərim
Azərbaycan xalqının sonsuz kədərini, milyonlarla
insanın üzərinə hakim kəsilmiş müsibəti
çatdırmaq iqtidarında deyil. Mən bunları ona
görə demirəm ki, siz bizim dərdimizə şərik
olasınız, halımıza acıyasınız. Bu, mənim
bütün xalqım üçün təhqir olardı. Bu,
mənim şəhid olmuş həmvətənlərimin
ruhunu təhqir etmiş olardı. Yanvarın 19-dan 20-nə
keçən gecə və sonrakı günlər Bakıda
törədilən vəhşiliklər heç bir
ölçüyə sığmır. Şəhərin
küçələri yüzlərlə günahsız
qurbanların qanına boyanmışdır. Bunların
arasında uşaqlar, qadınlar və qocalar vardır.
Tankların tırtılları altında qalmış,
pulemyot və avtomatlarla deşik-deşik edilmiş cəsədlər
insanı dəhşətə gətirir. Bir dövlət
başçısı kimi sizin imzanızla törədilən
bu qanlı qırğına, bu dəhşətli cinayətə
heç bir bəraət ola bilməz...”
Heydər
Əliyev deyirdi: “Azərbaycanda baş vermiş hadisələrə
gəlincə, mən onları hüquqa, demokratiyaya
yabançı, humanizmə və ölkəmizdə elan
olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə
zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb
vəziyyətin bir sıra səbəbləri vardır.
Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında
millətlərarası münaqişə gedir. Həmin
münaqişəni Dağlıq Qarabağ və onun ətrafında
baş verən hadisələr törətmişdir. Azərbaycan
və Ermənistan, eləcə də ölkənin ali siyasi
partiya rəhbərliyinə bu məsələni tənzimləmək,
daxili müharibəyə, millətlərarası
münaqişəyə son qoymaq və milli mənsubiyyətindən
asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq
olan SSRİ-də azad yaşamasına şərait yaratmaq
üçün iki illik müddət kifayət idi. Hesab edirəm
ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə
iş aparılmamışdır...”
Şeyxülislamın
məktubunda deyilirdi: “Qoşunların yeridilməsi
üçün uydurulmuş bütün səbəbləri
Azərbaycan xalqı nifrət və qətiyyətlə rədd
edir. Həmin səbəblərdən biri də güya Sovet
dövləti üçün təhlükə sayılan
“islam faktoru”dur. Bununla əlaqədar mən
aşağıdakıları bildirirəm: İman əhli
olmaq, o cümlədən islama mənsubiyyət əslində
şovinizmdən, milli lovğalıqdan uzaq olmaq deməkdir.
Çox yaxşı bilirsiniz və bunu mənim sizə vaxtilə
dediklərim də sübut edir ki, Zaqafqaziyanın müsəlman
ruhaniləri siyasi və millətlərarası münaqişələrdə
dindən silah kimi istifadə etmək niyyətində
olmamışlar. Çox yaxşı bilirsiniz ki,
diyarımızda baş verən hadisələrin ən
ağır anlarında islam ağılla və bütün məsələrin
dinc yolla həllinə çağırmışdır. Belə
olduğu halda uydurma “islam faktoru”nu hərc-mərclik törədən
səbəb kimi araya atmaq qəzəb doğurmaya bilməz.
Tamamilə aydındır ki, bununla müəyyən məqsəd
güdülmüşdür. Demək, müsəlmanları
xristianlara qarşı qoymaqla millətlərarası
toqquşmaları daha da kəskinləşdirmək niyyəti
güdülmüşdür...”
Moskvada Heydər
Əliyev deyirdi: “Dağlıq Qarabağ hadisələrinin
ilkin mərhələsində ölkənin ali partiya-siyasi rəhbərliyi
tərəfindən vaxtında zəruri tədbirlər
görülsə idi, gərginlik indiki həddə
çatmaz, tərəflər itkilərə məruz qalmaz,
başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə çoxlu insan qırğını ilə
nəticələnən hərbi müdaxilə
üçün də zəmin yaranmazdı”.
Şeyxülislam sözünə
davam edərək yazırdı: “Bilin ki, bu faciə ilə
bağlı əsl həqiqəti dünya ictimaiyyətinə
çatdırmaq üçün əlimizdən gələni
edəyəcəyik. Bir dövlət ki, imperiya
hökmranlığı niyyəti ilə millətlərarası
çaxnaşmanı aradan qaldırmaq əvəzinə, onu
daha da qızışdırır, bir dövlət ki, öz
ordusunu öz vətəndaşlarının qatilinə
çevirir, bir dövlət ki, öz adamlarına layiqli
güzərandan daha çox ölmək hüququ verir, belə
dövlət ancaq nifrətə layiqdir. Bakıda canlı insan
ürəklərinə tuşlanmış güllələr
milyonlarla insanın yenidənqurmaya olan son ümidlərini məhv
edən bir atəş idi...”.
Heydər
Əliyev deyirdi: “Yanvarın 19-dan 20-nə keçən gecə
baş vermiş və bu gün də davam edən faciənin
üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı
vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı
qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər
imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi
bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə
edilən təcavüzü vaxtında aradan qaldırmaq
mümkün idi. Axı üç ay əvvəl sərhəd
zolağı ilə bağlı camaat öz tələblərini
irəli sürmüşdü. Fəqət heç kəs
onlarla görüşmək, izahat işi aparmaq və
lazımi ölçü götürmək istəməmişdir”.
Şeyxülislam həzrətlərinin
ittihamnaməsi bitib-tükənmək bilmirdi: “Özlərini əsl
işğalçı kimi aparan cəza qoşunlarını
Bakıya yeritməklə siz Sovet hökumətini rüsvay
etdiniz və bununla təsdiq etdiniz ki, müstəqillik və
xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə
tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi
xadim və bacarıqsız bir dövlət
başçısı kimi ifşa etdiniz. Sizin
haqqınızda yaranmış bir əfsanə də puç
oldu, çünki bir əli ilə xarici məmləkətlərlə
sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına
qarşı cəza tədbirləri imzalayan adamı “Sülh
uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir.
Ən qanlı müharibələrdə də həkimlərə,
tibbi yardım göstərənlərə atəş
açılmamışdı. Sizin əmrinizlə Bakıya
hücum edən qoşunlar yaralananlara kömək göstərən
iki həkimi də güllələmişlər...”
Heydər
Əliyev deyirdi: “Bütün vəziyyətlərdə hesab
edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək,
xalqla mükaliməyə girmək üçün əlverişli
imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə
edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən
gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti
Bakı şəhərinə yerləşdirilmişdir. Nəticəsi
isə göz qabağındadır. Bunun törətdiyi faciələr
hamımıza məlumdur. Belə qərar qəbul etmiş
adamların hərəkətini siyasi qəbahət sayıram.
Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə
olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə
bilməmiş, Azərbaycan xalqının
psixologiyasını anlamamış, əhalinin müxtəlif
təbəqələri ilə əlaqələri zəiflətmişlər.
Onlar, görünür, bu işlərin belə ağır
faciəyə çevriləcəyini əvvəlcədən
düşünməmişlər. Bütün bunlar qabaqcadan
nəzərə alınmalı və vaxtında vacib, zəruri
tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş,
günahsız adamlar həlak olmuşlar”.
Şeyxülislam həzrətləri tələb edirdi: “Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin azərbaycanlılarla silah gücüylə danışmaq olmaz. Bu 10 gün, Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez ədalət və haqq işi qələbə çalmalıdır. Allah-təalanın izni ilə bu haqq işi Azərbaycanda da qalib gələcəkdir. Məhz buna görə mənim xalqımın ən yaxşı oğul və qızları özlərini sovet qoşunlarının güllələrinə sipər etdilər. Dərin inamla və iman hissiylə üzümüzü Allah-təalaya tutur və Onun ulu dərgahından bu gün şəhid olan balalarımız üçün rəhmət diləyirik. Qoy Allah-təala bu fəlakəti mənim xalqımın başına gətirənləri, bu işə rəvac verənləri zəlil etsin. Ya Rəbb, Vətənimizin, elimizin, bu ağır günündə bizlərə özün kömək elə. Amin!”
Beləcə, Azərbaycanın iki böyük oğlu–siyasi lider və dini lider, bir-birindən xəbərsiz halda, eyni vaxtda, baş verən qanlı qırğına və onun baiskarlarına eyni prizmadan birmənalı münasibətini bildirmiş, xalq üçün məqbul olan eyni tələbləri irəli sürmüşdülər. Şeyxülislam həzrətlərinin məktubu elə həmin gün həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda əldən-ələ keçmiş, dövlət və hökumət başçıları, dini təşkilatlar və hüquq müdafiəsi təşkilatları ona öz münasibətlərini bildirməyə başlamışdılar.
Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyindəki bəyanatı isə həm SSRİ-nin, həm də dünya dövlətlərinin siyasi dairələrində çox böyük əks-səda doğurmuş, təcrid vəziyyətində olan Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işində mühüm rol oynamışdı.
1990-cı ilin qanlı yanvarı sovet rəhbərliyinin SSRİ adlı totalitar rejimi qoruyub saxlamaq üçün növbəti və son cəhdlərindən biri idi. Lakin sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qanlı hadisə onu qorxutmadı, əksinə SSRİ-yə qarşı olan nifrəti daha da artırdı.
(Ardı var)
Anar İSGƏNDƏROV
Tarix elmləri doktoru, professor
525-ci qəzet.- 2013.- 4 iyun.- S. 6.